Uzun illərdir ki, Azərbaycanda ailə həkimi institutunun yaradılması müzakirə mövzusudur. Bu məsələnin nəhayət 2021-ci ildə bütün ölkə üzrə reallaşması gözlənilir. Belə ki, İcbari Tibbi Sığorta Agentliyinin yaydığı məlumata görə, bu il ərzində icbari tibbi sığorta bütün ölkədə tətbiq ediləcək. İcbari tibbi sığortanın tətbiqi ilə sığortaolunanlar ailə həkiminin xidmətindən yararlana biləcəklər.
Bəs, ailə həkimi kimdir? Onların funksiyası və üstünlükləri nədən ibarətdir? Kimlər ailə həkimi ola bilər? Ailə həkimi ilə bağlı ən yaxşı təcrübə hansı ölkədədir?
Qeyd edək ki, ailə həkimi (sahə həkimi-terapevti, sahə həkimi-pediatrı) sığortaolunanlara ilkin səhiyyə xidmətləri göstərən həkimdir. Təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla, vətəndaş səhhətində yaranan narahatlıqla bağlı ilk növbədə ailə həkiminə müraciət etməlidir. Ailə həkimi vətəndaşı müayinə/müalicə etdikdən sonra ixtisaslı tibbi yardıma ehtiyac olarsa, ixtisaslı həkimə göndəriş verir. Ailə həkimini seçmək və ilkin səhiyyə xidməti üzrə dövlət tibb müəssisəsində qeydiyyata alınma prosesi “Sığortaolunanların ilkin səhiyyə xidməti üzrə dövlət tibb müəssisəsinə təhkimolunma Qaydası” əsasında həyata keçirilir. Belə ki, ailə həkimini seçmək üçün sığortaolunan yaşadığı ərazi üzrə ən yaxın olan ilkin səhiyyə xidmətini göstərən dövlət tibb müəssisəsinə (poliklinika/Ailə Sağlamlıq Mərkəzi/kənd həkim məntəqəsi) müraciət etməlidir. Ərizə formasını doldurmalı və qeydiyyatçıya ərizə ilə yanaşı, şəxsiyyət vəsiqəsini, eləcə də yaşadığı ünvan üzrə qeydiyyata dair sənədi təqdim etməlidir. Ailə həkimini seçərək sığortaolunan tibb müəssisəsində qeydiyyata alınır. Sığortaolunan ailə həkimini seçmək və məhdudiyyət qoyulmadan dəyişməkdə sərbəstdir. Lakin sığortaolunan eyni zamanda iki və ya daha çox tibb müəssisəsinə qeydiyyat üçün müraciət edə bilməz. Vətəndaş qeydiyyata alındığı tibb müəssisəsini öz arzusu ilə qeydiyyata alındığı gündən etibarən azı 1 (bir) təqvim ili keçdikdən sonra dəyişə bilər. Şəxsin yaşadığı ərazi dəyişildiyi halda isə yeni ərazidəki tibb müəssisəsinə yuxarıda göstərilən vaxt məhdudiyyəti nəzərə alınmadan qeydiyyata alınmaq üçün müraciət olunmalıdır.
Hər bir ailənin öz etibarlı həkimi olmalıdır
Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən Azərbaycan Tibb Universitetinin Ailə təbabəti kafedrasının müdiri, professor Mustafa Salihov bildirib ki, əslində, bu, yeni bir şey deyil: “Azərbaycanda əvvəllər də həkimlər ailə həkimi kimi fəaliyyət göstəriblər. Artıq XX əsrin ortalarından başlayaraq tibb elmi xırda hissələrə bölünüb. İndi dar ixtisaslı həkimlərlə yanaşı, ailə həkimi də lazımdır. “Uzun illərdir ki, mən bu məsələni qaldırıram. Əslində ailə həkimi sistemi icbari tibbi sığortanın tərkib hissəsidir. 2-3 il əvvəl Türkiyədə ailə həkimlərinin konqresində iştirak etdim. Əmin oldum ki orda ailə həkiminin icazəsi olmasa, heç bir xəstə nə müayinəyə gedə, nə analiz verə, nə də dərman qəbul edə bilər. Onun rəyi olmasa, xəstə heç nə edə bilmir. Bilirsiniz, tibbi sığorta varsa, ailə həkimi mütləq olmalıdır. İcbari tibbi sığorta tətbiq olunan Ağdaş, Mingəçevir, Yevlax pilot rayonlarında Ailə təbabəti mərkəzləri yaradılıb. Çox gözəl də nəticələr var. Mənim də indi əsas fikrim odur ki, ölkənin hər bir yerində ailə təbabəti mərkəzi yaradılsın, öz işini yavaş-yavaş görməyə başlasın . Ümumilikdə, səhiyyədə ailə həkimi institutunun rolunun gücləndirilməsinə xüsusi ehtiyac var. Hər bir ailənin öz etibarlı həkimi olmalıdır. Ailə arasında olan bütün genetik xəstəlikləri, allergiya, pis vərdişləri biləndən sonra həkimlərin müayinə və müalicə işi rahatlaşacaq, xəstəliklərin isə miqdarı azalacaq. Ailə həkimini ailə özü seçməlidir. Ailə ona hansı həkimin xidmət göstərəcəyini bilməlidir”.
Onun sözlərinə görə, ailə həkiminin üstünlüyü ailənin sağlamlığı ilə bağlı bütün məlumatları, hətta sirləri bilməsindədir: "Bütün hallarda birinci sözü, məsləhəti ailə həkimi deməlidir. Bu həkim xəstənin də işini asanlaşdıracaq. Həkim pasiyentinin hər narahatlığını biləndən sonra onun hansı dərmanı qəbul edib-etməyəcəyini yaxşı biləcək. Nəticədə məhdud ixtisaslı həkimlərin sayı azalacaq, səhiyyənin gələcəyi parlaq olacaq. Ailə həkiminin hər xəstəliyin müalicəsini bilməsi də qeyri-mümkündür. Ancaq o, xəstəni ilk müayinə vaxtı problemin nə olduğunu təxmin etməli və lazım gəldikdə digər mütəxəssislərlə də məsləhətləşməlidir”.
Ən yaxşı ailə həkimi institutunun Kubada olduğunu deyən M. Salihovun dediyinə görə, Avropa ölkələrinin çoxunda da bu sistem tətbiq olunur: “Bu sistem Kubada olduqca mükəmməldir. Rusiya və Türkiyənin də ailə həkimi institutu yaxşıdır. Lakin hesab edirəm ki, Azərbaycan digər ölkələrlə yanaşı, Kuba təcrübəsini öyrənməlidir”.
Xəstəxanada işləyən hər hansı həkim ailə həkimi kimi çalışa bilməz
Məsələyə münasibət bildirən tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, ailə həkimi sahə həkimindən fərqli olaraq bir neçə ailəyə xidmət edir: "Bu say ölkələrdə fərqlidir. Məsələn, Almaniyada 1 ailə həkimi 15-dən yuxarı ailəyə xidmət göstərə bilməz. Çünki bir həkimin 15-dən yuxarı ailəni daimi nəzarətdə saxlaması, həmin ailələrdəki insanların xəstəliklərinin təhlilini, monitorinqini aparması fiziki cəhətdən mümkün deyil. Ailə həkimi ailədəki irsi xəstəlikləri, hər bir ailə üzvünün xəstəlik tarixçəsini bilir. Bu da diaqnostika imkanlarını artır. Ailə həkimləri xəstəyə diaqnozu vaxtında qoyub onu lazımi statuslu həkimin yanına göndərmək imkanı yaradır. Bu zaman ailə həkimi böyrəyi ağrıyanı nefroloqun, ürəyi ağrıyanı kardioloqun yanına göndərir. Yəni xəstənin ağrıyan bir yerindən ötəri diaqnozunun dəqiq qoyulması üçün vaxt itirərək bir neçə həkimin yanına getməsinə ehtiyac qalmır".
A.Qeybullanın fikrincə, ailə həkimi institutu Qərb təbabətində təşəkkül tapmış uğurlu bir üsul olduğu üçün biz də ailə həkimi variantına keçməliyik: "Azərbaycan bu gün Rusiya təbabətindən Qərb təbabətinə keçir. Burada bir çox məsələlər var ki, onlar korreksiya olunmalı, Qərb standartlarına uyğunlaşdırılmalıdır. O cümlədən sığorta təbabətinin bir komponenti kimi ailə həkimi məsələsi də həll edilməlidir. Sığorta təbabətində belədir ki, işləyən adamlar öz maaşlarından sığortalanırlar, işləməyən adamlar isə ya dövlətdən, ya da qeydiyyatda olduqları Əmək birjalarından sığortalanırlar. Ailə həkiminin məvacibi də həmin sığorta xətti ilə adını çəkdiyim strukturlardan onun maaşına daxil olur. Xidmət göstərdiyi ailənin ödədiyi vəsait də ailə həkiminin maaşının tərkib hissəsidir. Yəni ailə həkiminin gəlirləri həm ailənin, həm də müəyyən sığorta fondlarının və s. hesabına ödənilə bilər, ya da dövlətin ona ayırdığı müəyyən miqdarda məvacib bura daxil ola bilər. Yəni burada mexanizmlər çoxdur".
Ailə həkimlərinin daxili xəstəliklər üzrə ümumi həkim, terapevt olduğunu deyən A.Qeybulla xaricdə ailə həkimi adlı xüsusi ixtisasın olduğunu vurğulayıb: "Xəstəxanada işləyən hər hansı həkim ailə həkimi kimi çalışa bilməz. Ailə həkimliyi ayrıca ixtisas olaraq daha çox daxili xəstəlikləri əhatə edir. Tibb təhsilinin ən yüksək mərhələsi olan rezidentura ailə həkimləri üçün xüsusi qaydada aparılır. Bu həkimlər bütün xəstəliklər barədə məlumata malik olmalı, diaqnoz qoymağı bacarmalıdırlar".
A.Qeybulla ailə həkimi institutunun Azərbaycanda yaradılması üçün xüsusi qanuna ehtiyac olmadığını deyir: "Bu, səhiyyə islahatlarının tərkib hissəsi olmalıdır. Ailə həkiminin səlahiyyətləri, hüquqları, digər tibb strukturları ilə münasibəti və s. ümumi səhiyyə qanununda göstərilir və bu məsələ qanunla tənzimlənir".
Qanunvericilik bazası təkmilləşdirilməlidir
Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı isə bizimlə söhbətində vurğulayıb ki, bu gün ölkəmizdə tibb sahəsində ciddi islahatlar aparılır: “Artıq Azərbaycanda beynəlxalq standartlara cavab verən səhiyyə infrastrukturu formalaşdırılıb. Bu islahatların bir hədəfi var, o da ölkə əhalisinin sağlamlığının qorunmasında dövlət təminatına nail olmaqdır. Əhalinin sağlamlığını həyata keçirən ən yüksək dövlət siyasətindən biri İcbari tibbi sığortanın tətbiqidir. Artıq Türkiyə, bir sıra Avropa ölkələrində bu təcrübədən istifadə edilir. Bizdə də bir sıra rayonlarda pilot layihə kimi həyata keçirilir. Əslində 2020-ci ildə bu proses bütün ölkəni əhatə etməli idi. Amma koronavirus pandemiyası və digər gözlənilməz hadisələr bu prosesi müəyyən qədər ləngitdi. Hesab edirik ki, icbari tibbi sığorta bu il bütün ölkəni əhatə edəcək. Ailə həkimi institutunun yaradılması da həyata keçirilən islahatların tərkib hissəsidir. Ailə həkimi institutunun yaradılması üçün mükəmməl baza var. Uzun illər Azərbaycanda səhiyyə xidməti poliklinikalarda sahə həkimləri tərəfindən həyata keçirilib. Sahə həkimi institutu ailə həkiminin bir təməlidir. Ailə həkimi daha təkmil, müasir və çevikdir. Bu istiqamətdə islahatların daha effektli olması üçün “Ailə həkimi” haqqında qanun qəbul olunmalıdır. Biz bu məsələni bir neçə dəfə parlametdə müzakirəyə etmişik və yaz sessiyasında yenidən bunu gündəmə gətirəcəm. Əhali məmnunluğunun, səhiyyə xidmətinin keyfiyyətinin daha da yaxşılaşdırılması üçün bu proses vacibdir”.
Dünya təcrübəsinə nəzər salaq
Hazırda ailə həkimi institutunun çox yaxşı inkişaf etdiyi ölkələrdən biri Kuba hesab olunur. Kubada 350 minlik tibbi heyət 11 milyonluq Kuba əhalisinə təmənnasız xidmət göstərir və 30 mindən çox kubalı tibb əməkdaşı isə dünyanın 59 ölkəsində işləyərək öz vətənlərinə fayda verirlər. Müəyyən bir ərazidə, təxminən 300-400 nəfərə hər gün tibbi xidmət göstərən ailə həkimi həmin insanların sağlamlıq durumlarını daim nəzarətdə saxlayır. Hər hansı bir dəyişiklik olarsa, dərhal ilkin müdaxilə edir, bacarmasa, poliklinikaya və ya xəstəxanaya yönləndirir. Yəni ki, bu sistemdə xəstəliyin müalicəsindən çox, onun profilaktikasına üstünlük verilir. Ona görə bu ölkədə körpə ölümü sayı dünyada ən aşağı, orta ömür isə ən yuxarı (78 il) rəqəmlərdəndir. Fransada isə ilkin səhiyyə xidmətində fəaliyyət göstərən ailə həkimi zərurət yarandıqda kiçik cərrahi müdaxilələri belə edir. Bunun üçün təbii ki, ailə həkimləri mütəmadi olaraq təlimlərdən keçirlər. Latviyada ailə həkimləri xərçəng tipli ağır xəstəliklərə düçar olmuş və palliativ yardıma ehtiyacı olan xəstələrin müşahidəsini aparır və müvafiq tibbi yardımı göstərirlər. Estoniyada isə ailə həkimi ilə yanaşı tibb bacısının bilik və bacarıq səviyyəsinin artırılması istiqamətində fəaliyyətlər həyata keçirilir. Müəyyən yerlərdə tibb bacısının müstəqil şəkildə fəaliyyət göstərməsinə də rast gəlinir. Bununla yanaşı, Estoniyada vətəndaşlara ailə həkimi xidmətinin 24 saat göstərilməsi məqsədi ilə onların növbəli şəkildə fəaliyyəti təmin edilib. Belə yanaşma xüsusilə xroniki xəstələrin izlənilməsində böyük əhəmiyyət kəsb edir. Bu təcrübə Danimarka, İngiltərə, Hollandiya kimi ölkələrdə də geniş yayılıb.